Əsgər manifestosu
Müəllif: Filankəs Filankəsov
Gənc əsgərin ilk xidmət vaxtı 45 günlük karantin dövrünə təsadüf edir. Bu mərhələ adaptasiya dövrü sayılır. Burada köhnə əsgərlər ancaq kursantlar və çavuşlar olduğundan dedovşina hallarına təsadüfi hallarda rast gəlinir. O ki 45 günlük adaptasiya dövrü bitir və əsgər daimi xidmət yeri olan hərbi hissəyə yollanır, bax, əsl işgəncələr bundan sonra başlayır...
“Yerko” hardansan?
Daimi hərbi hissəyə qədəm qoyan gənc əsgərləri köhnə əsgərlərin kinayəli gülüşləri və hirsli simaları müşayiət edir. Köhnə əsgərlər gənc əsgərləri daim təqib edərək onların arasında öz yerlilərini axtarır və tapdıqdan sonra onlara “daydaylıq” edəcəklərini vəd edirlər. 5-6 gündən sonra gənc əsgərlər daimi bölüklərə paylanırlar və onların qara günləri bundan sonra başlayır...
Xeyir ola?!.
Gənc əsgərlərdən 1 il 3 ay əvvəl gəlmiş və tərxis əmrini gözləyən köhnə əsgərlər “dembel”, 1 il xidmət edənlər isə “zamdembel” adlandırılır. Qaydalar isə çox sərtdir (əlbəttə, söhbət nizamnamədənkənar, yazılmamış qaydalardan gedir): “dembel” qanundur; “dembel”ə gözün üstə qaşın var demək olmaz; “dembel”in sözündən çıxmazlar; “dembel” danışanda, “molodoy” susar, “dembel”ə hörmət elə ki, sən də “dembel” olacaqsan və.s və i.a.



