MİLLİ MANATIMIZIN 16 YAŞI TAMAM OLDU
Qubad İbadoğlu: “Azərbaycanda yaxın dövrdə yeni irinominallı pul əsginazlarının dövriyyəyə buraxılması mümkündür”
Milli manatın dövriyyəyə buraxılmasından 16 il ötür. Azərbaycanda milli pulun yaranma tarixi əslində lap qədim dövrlərə gedib çıxır. Ölkədə hələ qədim zamanlardan nağd puldan istifadə olunub. Bunu ölkənin müxtəlif hissələrində, o cümlədən İçərişəhər ərazisində aparılan arxeoloji qazıntılar zamanı pul sikkələrinin tapılması da təsdiqləyir. XIX əsrin sonlarından isə həmin dövrdə Azərbaycanda tədavüldə olan xanlıqlara məxsus pul sikkələrini kağız pul əsginazları əvəzləməyə başladı.
Kağız pullar XX əsrin əvvəllərində daha geniş yayıldı. 1918-ci yanvarında əmtəə mübadiləsi sahəsində pul nişanlarına olan tələbatı ödəmək məqsədilə Bakı şəhər idarəsi və Bakı Sovetinin şəhər təsərrüfatı “Bakı bonları” adlanan kağız pulları dövriyyəyə buraxmışdı. Azərbaycan Demokratik Respublikası yaradılandan sonra isə Rusiya pulları, “Bakı bonları” ilə yanaşı Zaqafqaziya bonlarından da istifadə edilməyə başladı.
Azərbaycan SSRİ-nin tərkibinə daxil olanda respublikada vahid pul - SSRİ rublu işlənməyə başladı. SSRİ dağılandan sonra - 1992-ci il avqustun 15-də AXC hakimiyyəti 1, 10 və 25 manatlıq əsginazlar olmaqla milli pulumuzu tədavülə buraxdı. Bir əsr ərzində milli valyutası bir neçə dəfə dəyişən Azərbaycanda 2006-cı ildə də yenidən dəyişiklik baş verdi. İlk milli pul tədavülə buraxılandan 14 il sonra Milli Bank 1-in 5 minə nisbəti ilə denominasiya həyata keçirərək yeni pul əsginazlarını dövriyyəyə buraxdı. Hazırda isə Milli Bank irinominallı əsginazları dövriyyəyə buraxmaq niyyətindədir. Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuata açıqlamalarında deyib ki, hökumət prosesə texniki baxımdan hazırdır. 50 və 100 manatlıqlara tələbat artsa, dövriyyəyə yeni əsginazların buraxılması məsələsinə baxılacaq. Yeni dəmir 1 manatlıqların dövriyyəyə buraxılması da nəzərdə tutulub.
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İdarə Heyətinin sədri Qubad İbadoğlu 1992-ci ildən sonra manatın inkişaf tarixinin iki mərhələdən keçdiyini diqqətə çatdırdı: “1992-ci il avqust ayının 15-də 1, 10, 250 manatlıq, noyabr ayında 5, 10, 20 və 50 qəpikliklər, dekabrda 5 manatlıq, nəhayət, 1993-cü ilin martında 50, 100, 500 və 1000 manatlıq nominallı pul vahidləri dövriyyəyə buraxıldı. 1992-ci il avqustun 15-dən 1994-cü ilə qədər Azərbaycanda manat dövriyyədə rublla paralel işlədi. Prezidentin 1993-cü il dekabrın 11 tarixində imazaladığı 50 saylı fərmanla 1994-cü il yanvarın 1-dən manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsdiq edildi. Amma təəssüf ki, manatın yeganə ödəniş vasitəsi kimi dövriyyəyə çıxması çox yüksək inflyasiya dövrünə təsadüf etdi. Çünki 1993-cü ildə Azərbaycanda 1229 faiz inflyasiya qeydə alınmışdı. 1994-cü ildə isə bu rəqəm 1763 faiz təşkil edirdi. 1995-ci ildən inflyasiyanın səviyyəsi 511 faizə, 1996-cı ildə 119 faizə düşdü”.
Q.İbadoğlu birinci dövrdə (1992-ci il avqustun 15-dən 1994-cü il yanvarın 1-dək olan dövr) manatın çox ciddi inflyasiyanın təsirindən dəyərsizləşdiyini söylədi: “İkinci dövr 1994-cü il yanvarın 1-dən başlayaraq 2006-cı il yanvarın 1-dək davam etdi. Bu dövrdə manatın inflyasiyanın təsirindən dəyərsizləşməsini nəzərə alaraq 1994-cü ildə 10 min manatlıq əsginazlar, 1996-cı ildə 50 min manatlıq əsginazlar buraxıldı. Bu da həmin dövrdə əvvəlki köhnə manatın ən yüksək nominala malik olan əsginazları idi. 2005-ci il fevralın 7-də denominasiya ilə bağlı fərman verildi. 2006-cı il yanvarın 1-dən Azərbaycanda yeni manat dövriyyəyə çıxdı. O zaman 1 yeni manat 5000 köhnə Azərbaycan manatına bərabər tutuldu və 2007-ci ilin birinci ayına qədər köhnə pullar ödəniş vasitəsi kimi qəbul olundu”.
Q.İbadoğlunun sözlərinə görə, 2006-cı il yanvarın 1-dən başlayan dövr manatın inkişaf tarixində ciddi mərhələni təşkil edir: “Bu mərhələ hazırda da davam edir. O, Azərbaycan manatı üçün o qədər də asan olmadı. Baxmayaraq ki, 2005-2006-cı illərə nisbətən ölkədə inflyasiyanın səviyyəsi aşağı idi. Rəsmi məlumatlara görə, 2007-ci ildə 16,4 faiz, 2008-ci ilin altı ayında isə 24,9 faiz inflyasiya səviyyəsinin olduğu qeyd edilir. Ancaq hazırda apardığımız alternativ hesablamalar ötən ildə 29 faiz, bu il də həmin səviyyədə inflyasiya olduğunu deməyə əsas verir”.
Ekspert bu dövrdə manatın aparıcı valyuta vahidlərinin əksəriyyətinə nisbətdə məzənnəsinin möhkəmlənməsi prosesinin getdiyini də diqqətə çatdırdı: “ABŞ dollarına nisbətdə 2006-ci ildə manatın məzənnəsi 5,1 faiz, 2007-ci ildə 3,1 faiz möhkəmlənib. Hazırda bu proses davam edir. Bir tərəfdən, manatın nominal olaraq məzənnəsi möhkəmlənir, digər tərəfdən isə onun alıcılıq qabiliyyəti itir. Çünki Azərbaycandakı inflyasiya onun ticarət partnyorları ilə müqayisədə daha yüksək inflyasiya səviyyəsini təşkil edir”.
Q.İbadoğlunun sözlərinə görə, ticarət partnyorları ilə müqayisədə ölkədə yüksək inflyasiyanın müşahidə edilməsi son nəticədə manatın alıcılıq qabiliyyətinin düşməsinə səbəb olur, eyni zamanda yerli istehsalçıların vəziyyətinə mənfi təsir göstərir: “Dövriyyədə olan pul kütləsinin sürətli artımı da manatın dəyərsizləşməsinin bir göstəricisidir. Dövriyyədə olan manat kütləsi 2008-ci il 1 iyun tarixində 2007-ci illə müqayisədə 82 faiz artıb. Bu göstəricini 2006-cı illə müqayisə etsək, Azərbaycanda dövriyyədə olan manat kütləsi 2008-ci ilin 1 iyununda 4,7 dəfə artıb. Ümumiyyətlə, 2008-ci il 1 yanvar tarixində dövriyyədə olan manat kütləsi 4,6 milyard manat səviyyəsində olub. Nəzərə alsaq ki, 2007-ci ildə təxminən 25 milyard manatlıq ümumi daxili məhsul olub, belə çıxır ki, Azərbaycanda dövriyyədə olan manat kütləsi ümumi daxili məhsulun təxminən 20 faizi həcmindədir”.
İTM rəhbəri bildirdi ki, manatın dövriyyədə genişlənməsi, pul təklifinin artması son nəticədə həm inflyasiya amillərini fəallaşdırır, həm də manatın alıcılıq qabiliyyətini aşağı salır. Müqayisələr aparan Q.İbadoğlu deyir ki, 2006-cı ilin qiymətləri ilə 3 nəfərlik ailə 100 manatla normal dolanmaq imkanlarına malik idi: “İndi isə 3 nəfərlik ailənin 300 manata yalnız minimal səviyyədə dolanmaq imkanı var. Hesablamalarımıza görə, ərzaq məhsullarının qiyməti təkcə bu il ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 40 faizə qədər artıb. Bu artım təbii ki, manatın alıcılıq qabiliyyətinin aşağı düşməsini şərtləndirib”.
Milli Bankın irinominallı əsginazları dövriyyəyə buraxacağına dair bəyanatlarına gəlincə isə iqtisadçı bunları dedi: “Köhnə manat tarixinə nəzər salsaq, Azərbaycanın ən böyük nominalı 1993-cü ildə buraxılmışdı. Bu, 1000 manatlıq idisə, çox keçmədi ki,- 1994-cü ildə- 10 min manatlıq, 1996-cı ildə 50 min manatlıqlar dövriyyəyə buraxıldı. Azərbaycanda yaxın dövrdə yeni irinominallı əskinasların buraxılması mümkündür. Buna təsir göstərən amil manatın alıcılıq qabiliyyətidir. Həm də əsas faktor inflyasiya səviyyəsidir. Hazırda 20, 50 və 100 manatlıqlar əsas işlək pul vahidlərinə çevrilib. 1 və 3 qəpikliklər isə bir çox ticarət şəbəkələrində dövriyyədən çıxarılıb. Qəpiklər arasında ən aşağı nominal 5 qəpiklikdir”.
Q.İbadoğlu iqtisadiyyatın inkişaf səviyyəsini, dövriyyədə pul kütləsinin genişlənməsini əsas götürüb deyir ki, ola bilsin yeni əsginazların dövriyyəyə buraxılması yönündə qərar veriləcək. Onun qənaətincə, irinominallı əsginazların dövriyyəyə buraxılmasının bu il deyil, növbəti illərdə şahidi olacağıq. Qeyd edək ki, əlimizə çatan xəbərlərə görə, hökumət gələn ildən etibarən 200 və 500 manatlıqların dövriyyəyə buraxılmasına qərar verə bilər.


